Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin ilk Kabinet iclasından sonra verdiyi bəyanatda Venesuela lideri Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasına münasibət bildirib. 


Postxronika.az xəbər verir ki, dövlət başçısı ölkələrin suverenlik hüquqlarının pozulmasını riskli addım kimi dəyərləndirərək, Venesuelanın Türkiyənin yaxın dostu olduğunu vurğulayıb. 


O, "güclünün hüququ" prinsipinin hökm sürdüyü dünyada münaqişələrin qaçılmaz olduğunu qeyd edərək, beynəlxalq hüququn əhəmiyyətinə diqqət çəkib. Çıxışı zamanı daxili təhlükəsizlik məsələlərinə də toxunan Ərdoğan, "Terrorçuluqdan azad Türkiyə" hədəfi istiqamətində qətiyyətli mübarizənin davam edəcəyini və terror probleminin kökündən həll olunacağını bəyan edib. 


Eyni zamanda, keçən həftə şəhid olan asayiş keşikçilərinin ailələrinə başsağlığı verən Türkiyə lideri 86 milyonluq xalqın birliyini ön plana çıxarıb.