FİFA bu il Meksika, Kanada və ABŞ-nin birgə ev sahibliyi edəcəyi Dünya Çempionatı üçün unikal qərar qəbul edərək turnirin açılış mərasimlərinin hər üç ölkədə ayrı-ayrılıqda keçiriləcəyini elan edib.
Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, futbol tarixinin ən böyük çempionatı iyunun 11-də Mexiko şəhərində start götürəcək və burada "Grammy" mükafatçısı "Mana" qrupu ilə yanaşı, Alexandro Fernandez və Belinda kimi ulduzlar Meksika mədəniyyətini tərənnüm edən şou nümayiş etdirəcəklər. Ertəsi gün, iyunun 12-də isə bayram coşqusu Kanada və ABŞ-a keçəcək; Torontoda keçiriləcək Kanada–Bosniya və Herseqovina matçından əvvəl Alanis Morissette və Maykl Buble, Los-Ancelesdəki ABŞ–Paraqvay qarşılaşmasından öncə isə Keyti Perri və reper Future möhtəşəm proqramla çıxış edəcəklər.
FİFA-nın bu təşəbbüsü hər üç ev sahibi ölkənin milli kimliyini və mədəni rəngarəngliyini qlobal auditoriyaya çatdırmaq məqsədi daşıyır. Turnirin ABŞ hissəsindəki şouda həmçinin Anitta, LISA və Rema kimi beynəlxalq ifaçıların iştirakı ilə yüksək enerjili bir tamaşa vəd edilir.
Qeyd edək ki, bu, 2002-ci ildən bəri Dünya Çempionatının ikinci dəfə bir neçə ölkədə birgə təşkili olsa da, hər ev sahibi üçün ayrıca açılış mərasiminin keçirilməsi futbol tarixində bir ilk kimi qeydə alınacaq.