Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpası və tranzit daşımaların genişləndirilməsi çərçivəsində növbəti tədarüklər həyata keçirilib.

Postxronika.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, mayın 9-da ölkəmizdən Ermənistana 479 ton (8 vaqon) dizel yanacağı yola salınıb. Bununla da indiyədək Azərbaycandan Ermənistana ixrac edilən yanacaq məhsullarının həcmi 8500 tondan çox dizel, 979 ton "Aİ-92" və 2955 ton "Aİ-95" markalı benzinə çatıb.

​Eyni zamanda, Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə yüklərin daşınması davam edir. ADY-nin məlumatına görə, 402 tonluq (6 vaqon) gübrə yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. 

​Qeyd edək ki, bu vaxta qədər Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq tranzit edilib.