Dünya bazarında Azərbaycan neftinin qiymətində artım müşahidə olunub.

Postxronika.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barelinin qiyməti 4,43 dollar, yəni 4,2% bahalaşaraq 109,98 ABŞ dollarına çatıb. Müqayisə üçün qeyd edək ki, ötən ticarət günündə neftimizin qiyməti 105,55 dollar səviyyəsində qərarlaşmışdı.

​Bu bahalaşma ölkə iqtisadiyyatı üçün müsbət göstərici hesab olunur, çünki 2026-cı ilin dövlət büdcəsində “Azeri Light” neftinin bir barelinin orta qiyməti cəmi 65 ABŞ dollarından hesablanıb. Hazırkı bazar qiyməti büdcə proqnozundan təxminən 45 dollar yüksəkdir ki, bu da dövlət xəzinəsinə əlavə vəsaitlərin daxil olması deməkdir.

​Xatırladaq ki, Azərbaycan nefti tarixi ərzində ən yüksək qiymətinə 2008-ci ilin iyulunda (149,66 dollar), ən aşağı qiymətinə isə 2020-ci ilin aprelində (15,81 dollar) çatmışdı.