Azərbaycan futbolunun əfsanəvi hücumçusu Ələkbər Məmmədovun anadan olmasından bu gün 96 il ötür.
Postxronika.az xatırladır ki, 1930-cu il mayın 9-da Bakıda doğulan bu unudulmaz futbolçu, vurduğu qollarla nəinki SSRİ-də, eləcə də dünya miqyasında böyük şöhrət qazanıb. Karyerasının ən parlaq səhifələrindən biri 1955-ci ildə Moskvanın “Dinamo” klubu ilə İtaliya turnesi zamanı məşhur “Milan” komandasına qarşı keçirilən oyunda rəqib qapısına vurduğu 4 qol olub.
Dördqat SSRİ çempionu olan Ələkbər Məmmədov həm də Azərbaycan milli komandasının müstəqillik dövründəki ilk baş məşqçisi kimi tarixə düşüb. O, 1951-ci ildə Bakıda Respublika stadionunun (hazırkı Tofiq Bəhramov adına stadion) açılış matçında ilk qolu vuran futbolçu kimi də yaddaşlarda qalıb.