Gəncə şəhər uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən “İthaf” adlı möhtəşəm konsert proqramı təşkil olunub.
Postxronika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrında baş tutan tədbirdə əvvəlcə dahi rəhbərin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Mərasimdə çıxış edənlər Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli mədəniyyətimizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Gənc istedadların təqdimatında səslənən Azərbaycan bəstəkarlarının klassik əsərləri, muğam və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Proqram dahi rəhbərə həsr olunmuş musiqi nömrələri və vətənpərvərlik ruhunda ifalarla yadda qalıb. Yekunda iştirakçılar Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi qayğının bu gün də uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.