Qarabağ Universitetində Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində gənclərin şəhər inkişafına cəlb olunması məqsədilə maarifləndirici tədbir təşkil edilib.
Postxronika.az Azərtac-a istinadən xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən keçirilən görüşdə tələbələrə forumun hədəfləri və ölkəmiz üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Proqram çərçivəsində ekspertlər tərəfindən "Dayanıqlı Layihə İdarəetməsi" mövzusunda interaktiv təlimlər keçirilib və iştirakçılar real tapşırıqlar üzərində təcrübə qazanıblar. Həmçinin tələbələr strateji qərarvermə bacarıqlarını inkişaf etdirən "Sea Wolf Game" biznes simulyasiyasında iştirak edərək komanda işi vərdişlərini təkmilləşdiriblər. Vorkşopun əsas hədəfi gəncləri ekoloji və sosial məsuliyyəti birləşdirən "Green Project Management P5" prinsipləri ətrafında məlumatlandırmaqdan ibarət olub. Tədbirin sonunda fəallıq göstərən tələbələr və qalib komandalar xüsusi hədiyyələrlə mükafatlandırılıblar.