İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Casir jurnalistlərə müsahibəsində Füzuli, Xankəndi və Şuşaya etdiyi səfərlərdən doğan təəssüratlarını bölüşüb.
Postxronika.az xəbər verir ki, o, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası və mədəni-dini abidələrin yenidən qurulması prosesini yüksək qiymətləndirib. Əl-Casir xüsusilə Şuşadakı müsbət dəyişiklikləri və yeni inşa olunan məscidin şəhərin rəmzinə çevriləcəyini vurğulayıb.
Bank rəhbəri Azərbaycanın iqtisadi potensialına və gənclərin enerjisinə toxunaraq, qurumun ölkəmizlə yeni layihələrdə əməkdaşlığa sadiq olduğunu təsdiqləyib. O, Azərbaycan rəhbərliyinin inkişaf strategiyasını və iş adamlarının gələcəyə olan nikbinliyini xüsusi qeyd edib. Məhəmməd Əl-Casir xoş xatirələrlə ayrıldığını bildirərək, gələn ilin iyununda İslam İnkişaf Bankının illik toplantısının Bakıda keçiriləcəyini xatırladıb.