Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Yeni Kaledoniyadakı (Kanaki) vəziyyətlə bağlı Fransaya etdiyi xəbərdarlığı dəstəkləyən bəyanat yayıb.
Postxronika.az Report agentliyinə istinadən xəbər verir ki, təşkilat rəsmi Parisdən yerli xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət göstərilməsini və seçici korpusunun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərinə son qoyulmasını tələb edir. Bəyanatda qeyd olunur ki, Kanak xalqının razılığı olmadan atılan addımlar dekolonizasiya prosesinə və beynəlxalq hüquq normalarına ziddir. BTQ həmçinin 2024-cü ilin may ayındakı etirazlar zamanı tətbiq olunan qeyri-mütənasib güc hallarının şəffaf araşdırılmasının vacibliyini vurğulayıb.
Təşkilatın mövqeyinə görə, Fransanın elit jandarm bölmələrinin adaya yeridilməsi və fəalların Avropa ərazisindəki həbsxanalara aparılması ciddi narahatlıq doğurur. BTQ tərəfindən BMT-yə təqdim edilən alternativ hesabatlar bu məsələlərin beynəlxalq gündəmə gəlməsində mühüm rol oynayıb. Sənəddə Fransanın müstəmləkəçi siyasəti kəskin pislənilir və Kanakinin gələcəyinin yalnız yerli əhalinin iştirakı ilə müəyyən edilməli olduğu bildirilir. Bakı Təşəbbüs Qrupu beynəlxalq birliyi rəsmi Parisin neokolonial fəaliyyətinə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.