Bərdə rayonunda fəaliyyət göstərən iki mağazadan ödəmə terminallarını oğurlamaqda şübhəli bilinən şəxslər asayiş keşikçiləri tərəfindən saxlanılıblar.
Postxronika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxslər kassalarında ümumilikdə 40 min manat vəsait olan qurğuları talayaraq hadisə yerindən uzaqlaşıblar. Bərdə Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev ələ keçirilib. Oğurluq anı ərazidəki təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb. Faktla əlaqədar cinayət işi açılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri tətbiq olunub. Hazırda hadisənin digər təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.