"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Postxronika.az ADY-yə istinadən xəbər verir ki, qurum rəsmiləri Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə anılıb və məzarı üzərinə tər çiçəklər düzülüb. Müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dahi rəhbərin strateji kursunun əhəmiyyəti xüsusi vurğulanıb. Hazırda Azərbaycan dəmir yollarının inkişafı və modernləşdirilməsi məhz bu siyasi irsin davamı kimi qiymətləndirilir. Bu ziyarət ADY kollektivinin Ümummilli Liderin irsinə olan sadiqliyinin növbəti təzahürüdür.