Gürcüstanın Marneuli şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dostluğun memarı – Heydər Əliyev” adlı tədbir və fotosərgi keçirilib.
Postxronika.az xəbər verir ki, “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan mərasimdə hər iki ölkənin rəsmi şəxsləri, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Ulu Öndərin Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsindəki tarixi rolunu və regionda sabitliyin təmin olunmasındakı xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörən siyasəti sayəsində iki ölkə arasında strateji tərəfdaşlığın sarsılmaz təməli qoyulub.
Tədbirdə vurğulanıb ki, dahi şəxsiyyətin əsasını qoyduğu dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və Marneuli bələdiyyə rəsmiləri Heydər Əliyevin gürcü xalqının da yaxın dostu olduğunu və onun xatirəsinin bu ölkədə həmişə uca tutulduğunu bildiriblər. Fotosərgidə nümayiş olunan eksponatlar Ulu Öndərin həyat yolunu və Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf mərhələlərini əks etdirib. Mərasim iştirakçıları böyük liderin irsinin regionun gələcək inkişafı üçün mühüm yol xəritəsi olduğunu bir daha qeyd ediblər. Sonda Ümummilli Liderin ruhuna dualar oxunub və xatirəsi dərin ehtiramla yad edilib.