Bakı Dövlət Universiteti (BDU) ilə “AnewZ” beynəlxalq televiziya kanalı arasında jurnalist kadrların hazırlanması və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
Postxronika.az xəbər verir ki, mərasimdə rektor Elçin Babayev bu tərəfdaşlığın xüsusilə ingilisdilli jurnalistlərin yetişdirilməsinə böyük töhfə verəcəyini vurğulayıb. “AnewZ” kanalının icraçı direktoru Rüfət Həmzəyev isə rəhbərlik etdiyi qurumun beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və artıq 110-dan çox ölkədə yayımlandığını qeyd edib. Hazırda BDU-nun 10-dan çox tələbəsi sözügedən kanalda təcrübə keçərək gələcək karyeraları üçün mühüm biliklər toplayır. Tərəflər süni intellekt həllərinin media sahəsində tətbiqi və tələbələrin müasir texnologiyalarla işləmək bacarıqlarının artırılması barədə fikir mübadiləsi aparıblar. Sonda qonaqlar Jurnalistika fakültəsinin maddi-texniki bazası və tədris studiyası ilə yaxından tanış olublar.