James Webb Kosmik Teleskopunun (JWST) yeni müşahidələri çox qədim TOI-561 b adlı super-Yerin qalın atmosferə malik olduğuna dair indiyədək ən güclü sübutları ortaya qoyub.

Postxronika.az xəbər verir ki, alimlərin hesablamalarına görə, əgər bu planetin atmosferi olmasaydı, ulduzuna həddindən artıq yaxın yerləşməsi səbəbindən onun gündüz səthinin temperaturu müşahidə ediləndən xeyli yüksək olmalı idi. Təxminən 10 milyard il yaşı olan ulduzun ətrafında dövr edən TOI-561 b-nin belə bir atmosferi bu qədər uzun müddət qoruyub saxlaması elm üçün gözlənilməz nəticə sayılır. Planetin bir tərəfi daim ulduza baxdığı üçün səthi təxminən 1800°C-yə çatır, lakin bu göstərici çılpaq qayalı planet üçün gözlənilən temperaturdan aşağıdır. Alimlər bu fərqi istiliyi gecə tərəfinə daşıyan güclü küləklər və ya silikat buludları ilə zəngin sıx atmosferlə izah edirlər. Araşdırma göstərir ki, həyat üçün əlverişsiz olsa da, TOI-561 b-nin xüsusiyyətləri digər qayalı planetlərin atmosfer təkamülünü anlamaq baxımından ümidvericidir.