Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin tənzimlənməsi və regional nəqliyyat dəhlizlərinin aktivləşməsi çərçivəsində növbəti yük daşımaları icra edilib.
Postxronika.az xəbər verir ki, mayın 10-da Azərbaycandan Ermənistana 986 ton (16 vaqon) dizel yanacağı yola salınıb.
Bu son tədarüklə birlikdə Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ümumi həcmi artaraq təxminən 9 000 ton dizel, 979 ton "Aİ-92" və 2 955 ton "Aİ-95" markalı benzinə çatıb.
Eyni zamanda, Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisindən keçməklə həyata keçirilən tranzit daşımaları da davam edir. Məlumata görə, bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 406 ton gübrə (6 vaqon) və 276 ton taxıl (4 vaqon) yükü göndərilib.
Qeyd edək ki, regional kommunikasiyaların açılması nəticəsində indiyədək Rusiya mənşəli 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, həmçinin alüminium və qarabaşaq məhsulları Azərbaycan vasitəsilə Ermənistana tranzit edilib.