Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilən 104 mənzilli ilk yaşayış məhəlləsinin rəsmi açılışını edərək, mənzillərin açarlarını sakinlərə təqdim edib. Dövlət başçısı tədbirdəki çıxışı zamanı rayonun həm iqtisadi, həm də strateji baxımdan yeni dövrə qədəm qoyduğunu xüsusi qeyd edib.
Postxronika.az xəbər verir ki, ölkə rəhbəri işğaldan azad edilən ərazilərdə görülən işlərin planlı və strateji xarakter daşıdığını bildirib. Zəngilanda artıq beynəlxalq hava limanı, konqres mərkəzi və "Dost Aqropark" kimi mühüm obyektlərin fəaliyyət göstərdiyini deyən Prezident, rayonun yaxın gələcəkdə böyük nəqliyyat qovşağına çevriləcəyini vurğulayıb. Xüsusilə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla yaranacaq birbaşa coğrafi bağlantı və dəmir yolu xəttinin çəkilməsi bölgənin xarici ticarət potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Dövlət başçısı həmçinin rayonda enerji təhlükəsizliyi üçün 42 meqavatlıq su elektrik stansiyalarının tikildiyini və yeni otel kompleksinin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Zəngilan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə Azərbaycanın deyil, bütün regionun əvəzolunmaz tranzit mərkəzi olacaqdır. Sonda Prezident vurğulayıb ki, azad edilmiş ərazilərdə qurulan infrastruktur həm insanların rahatlığı, həm də ölkə iqtisadiyyatının güclənməsi üçün nümunəvi modeldir.