Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı Azərbaycanın xarici siyasətinin hədəfləri və sərhəddəki mövcud vəziyyətlə bağlı mühüm bəyanatlar verib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı ölkəmizin Ermənistanın müstəqilliyinə və ya dövlət kimi varlığına hər hansı təhdid yaratmaq niyyətində olmadığını qətiyyətlə bildirib. Sərhəddə yerləşən avropalı müşahidəçilərin fəaliyyətinə toxunan ölkə rəhbəri, onların guya Ermənistanı Azərbaycandan qoruduqları barədə yaratdıqları təsəvvürü əsassız adlandırıb. Prezident vurğulayıb ki, rəsmi Bakı qarşısına qoyduğu bütün strateji məqsədlərə artıq nail olub və kənar qüvvələrin bu cür nümayişkaranə davranışlarına ehtiyac yoxdur. Çıxışda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və regionda yeni reallıqlar yaratdığı bir daha diqqətə çatdırılıb. Sonda dövlət rəhbəri dinc quruculuq dövrünün prioritet olduğunu və təhlükəsizlik məsələlərində tam qətiyyətli mövqe nümayiş etdirildiyini qeyd edib.