Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşündə Ermənistanın işğal dövründə törətdiyi ekoloji cinayətlərin dəhşətli miqyasını açıqlayıb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı ölkəmizin meşə fondunun 60 min hektarının vəhşi işğalçılar tərəfindən tamamilə məhv edildiyini diqqətə çatdırıb. Ən böyük zərərin Kəlbəcər və Laçınla yanaşı, Zəngilan rayonuna da dəydiyini bildirən ölkə rəhbəri, bu əməlləri heç bir əsası olmayan qəddarlıq və düşmənçilik kimi xarakterizə edib. Ermənistan cəmiyyətində hökm sürən nifrət hissinin elmi və tibbi araşdırmaya ehtiyacı olduğunu qeyd edən Prezident, xalqımıza qarşı törədilən bu talançılığı kəskin tənqid edib. O, qonşu ölkədə hələ də revanşist və nifrət dolu siyasi qüvvələrin mövcudluğunu xatırladaraq, Azərbaycanın hər zaman ayıq-sayıq olmasının vacibliyini vurğulayıb. Sonda dövlət rəhbəri bu vandalizm aktlarına baxmayaraq, bölgədə sürətli bərpa və yaşıllaşdırma işlərinin davam etdirildiyini qeyd edib.