Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşündə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı dahi rəhbərin siyasi xəttinin uğurlu davamı sayəsində bu gün işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin aparıldığını bildirib. Ölkə rəhbəri Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən prosesdə güclü iqtisadiyyat və ordunun qurulmasını, həmçinin cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsini həlledici amillər kimi qeyd edib. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycanın beynəlxalq təcriddən xilas edildiyi və dünyada söz sahibinə çevrildiyi vurğulanıb. Prezident dahi şəxsiyyətin qoyduğu möhkəm təməllərin gələcək zəfərlərə yol açdığını xüsusi diqqətə çatdırıb. Sonda dövlət rəhbəri Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bir daha əminliklə ifadə edib.