Bakı şəhərinin Hüseyn Cavid prospektində yerləşən yaşayış binasındakı mənzillərdən birində güclü yanğın baş verib.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şahidlərin verdiyi məlumata görə, yanğın zamanı evdə olan iki nəfərdən birinə ilkin tibbi yardım göstərilib, daha sonra o, xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunaraq alovun digər mənzillərə keçməsinin qarşısını alıblar. Nazirlikdən verilən rəsmi məlumata görə, yanğın tam söndürülsə də, mənzil yararsız vəziyyətə düşüb. Hazırda hadisənin başvermə səbəbləri mütəxəssislər tərəfindən araşdırılır.