Göyərtəsində "Andes hantavirus" infeksiyasının aşkarlandığı "MV Hondius" kruiz gəmisindən sərnişinlərin endirilməsinə başlanılıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb. ÜST rəhbəri sərnişinlərin birinci qrupunun artıq gəmini tərk etdiyini və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə tətbiq olunduğunu bildirib. Hazırda təşkilatın ekspertləri İspaniya Səhiyyə Nazirliyi ilə birlikdə sərnişinlərin epidemioloji vəziyyətini yerindəcə qiymətləndirirlər. Təxliyə prosesi çərçivəsində daxili işlər orqanları ilə koordinasiyalı şəkildə sərnişinlərin ölkələrinə qaytarılması üçün xüsusi çarter reysləri təşkil edilir. Mütəxəssislər virusun yayılma riskini minimuma endirmək üçün karantin qaydalarına ciddi şəkildə əməl olunduğunu və vəziyyətin ÜST-ün nəzarətində qaldığını vurğulayırlar.