Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “İz” sənədli filminin təqdimatı keçirilib.

Postxronika.az  xəbər verir ki, tədbirdə Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri, bərpa-quruculuq xidmətinin əməkdaşları və şəhər sakinləri iştirak ediblər. Çıxış edənlər dahi rəhbərin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmini və ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs ediblər. Xüsusi vurğulanıb ki, bu gün işğaldan azad edilmiş Füzulidə aparılan genişmiqyaslı bərpa işləri Ulu Öndərin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsinin bariz nümunəsidir. Rəsmi hissənin ardınca nümayiş olunan “İz” filmi iştirakçılara dahi şəxsiyyətin zəngin siyasi fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı tarixi fədakarlığını bir daha canlandırıb. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və milli həmrəylik ruhunda yekunlaşıb.