Zəngilanda yeni inşa edilən yaşayış kompleksinin açılışında dövlət başçısı ilə şəhid atası arasında duyğulu anlar yaşanıb.
Postxronika.az xəbər verir ki, Prezident İlham Əliyev şəhərdəki 104 mənzilli ilk yaşayış massivinin istifadəyə verilməsi mərasimində iştirak edərək sakinlərə açarları təqdim edib. Tədbir zamanı Vətən müharibəsi şəhidinin atası ilə həmsöhbət olan ölkə rəhbəri onun səhhəti ilə yaxından maraqlanıb. Özünü narahat hiss edən vətəndaşın mənzilinə rahat çatdırılması üçün ali baş komandan tərəfindən xüsusi göstəriş verilib. Bu addım dövlətin şəhid ailələrinə olan yüksək ehtiramının və həssas münasibətinin növbəti təzahürü kimi qiymətləndirilib. Sakinlər göstərilən bu ali diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.