Rusiya və Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdirir.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə verdiyi müsahibədə bu əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Səfir qeyd edib ki, ölkələr arasında etibarlı müttəfiqlik və sahəvi əməkdaşlıq üçün dayanıqlı mexanizmlər mövcuddur. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rəhmon arasındakı qardaşlıq münasibətləri, habelə rəhbərliyin çoxtərəfli əməkdaşlığı gücləndirmək istəyi dövlətlərarası əlaqələri daha da möhkəmləndirir.
Diplomatın bildirdiyinə görə, iki ölkə arasındakı sıx əlaqələr 200-dən çox dövlətlərarası və hökumətlərarası sazişlə tənzimlənir. Bu hüquqi bazanın əsasını isə 1993-cü il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilə, eləcə də 1999-cu ildə imzalanmış XXI əsrə yönəlmiş Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Müqavilə təşkil edir.