Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya Prezidentinin investisiya və xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "The Wall Street Journal" (WSJ) nəşrinin Avropa liderlərinin uğursuzluqları ilə bağlı dərc etdiyi məqaləyə münasibət bildirib.

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Dmitriyev Avropa rəhbərliyinin öz "fəlakətli uğursuzluqlarını" artıq inkar edə bilməyəcəyini qeyd edib.

​Dmitriyev özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, WSJ-nin bu məsələdə qəfil "gözünün açılması" təsadüfi deyil. Onun fikrincə, Aİ bürokratları artıq xalqın narazılığını və iqtisadi geriləməni gizlətmək iqtidarında deyillər və yaxın gələcəkdə bunun hesabı veriləcək.

​Xatırladaq ki, sözügedən nəşr Avropa liderlərinin hazırda görünməmiş bir populyarlıq itkisi ilə üzləşdiyini yazıb. Məqalədə iqtisadiyyatın zəifləməsi, immiqrasiyaya qarşı mənfi münasibət və qitə boyu populist partiyalara dəstəyin artması Avropa rəhbərliyinin əsas problemləri kimi göstərilib.