Azərbaycanın Xorvatiyadakı Səfirliyi Libertas Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım mərasimi təşkil edib.

Postxronika.az xəbər verir ki, toplantıda universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edərək dahi şəxsiyyətin irsi ilə yaxından tanış olublar. Səfir Anar İmanov çıxışında Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlətçilik ideyasının möhkəmləndiyini və ölkənin vətəndaş qarşıdurmasından xilas edilərək inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

Diplomat bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün tam bərpa olunduğunu diqqətə çatdırıb. Tədbir zamanı Azərbaycan və Xorvatiya xalqlarının 90-cı illərdə bənzər işğal və mübarizə tarixinə malik olduğu, bu gün isə strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyi qeyd edilib. Sonda universitet kitabxanasına Azərbaycanın tarixi və mədəniyyəti haqqında xarici dillərdə nəşr olunmuş kitablar hədiyyə edilib, Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.