"Rosatom"un baş direktoru Aleksey Lixaçev Macarıstanın yeni hökuməti formalaşdıqdan sonra "Pakş-2" layihəsinə dair bütün suallara aydınlıq gətirəcəklərini bəyan edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama rəsmi Budapeştin AES-in tikintisi üzrə saziş şərtlərinə yenidən baxmaq niyyətinə cavab olaraq verilib. Lixaçev qeyd edib ki, dövlət korporasiyası bu cür irimiqyaslı ixrac layihələrinin iqtisadi əsaslandırmasını istənilən vaxt təqdim edə bilər.
Şirkət rəhbərinin sözlərinə görə, atom elektrik stansiyası qeyri-adi obyekt olduğu üçün müqavilələrin məxfiliyi qorunur, lakin yeni nazirlər sənədlərlə tanış olduqdan sonra bütün qaranlıq məqamlar aradan qaldırılacaq. "Rosatom"un Macarıstan rəhbərliyi ilə vahid hədəfi bu mühüm iqtisadi layihəni ən qısa zamanda və yüksək keyfiyyətlə reallaşdırmaqdır. Hazırda tərəflər arasında peşəkar dialoqun davam etdirilməsi üçün hökumətin tam tərkibdə təsdiqlənməsi gözlənilir.