Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəqəmsal transformasiya tədbirləri çərçivəsində öz elektron xidmətlərini vahid dövlət portalına tam inteqrasiya edir.
Postxronika.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və bütün onlayn əməliyyatlar yalnız “mygov” üzərindən əlçatan olacaqdır. Artıq abonent məlumatlarının yenilənməsi, borcların ödənilməsi və sayğac göstəricilərinin təqdim edilməsi ilə yanaşı, daha yeddi yeni xidmət növü də sistemə əlavə edilir. Vətəndaşlar bundan sonra sayğacların plomblanması, təmir müraciətləri və qəza bildirişləri kimi mühüm sorğuları vahid mərkəzdən daha çevik şəkildə ünvanlaya biləcəklər. Görülən işlər əlavə resurslara ehtiyacı minimuma endirməklə yanaşı, dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsinə xidmət edir. Abonentlərin rahatlığı üçün növbəti mərhələlərdə rəqəmsal funksionallığın daha da təkmilləşdirilməsi nəzərdə tutulur.