Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq arenada böyük uğura imza ataraq qlobal liderlər sırasına daxil olub.
Postxronika.az Azərbaycan Dövlət Mədəni İrsin Qorunması Xidmətinə istinadən xəbər verir ki, qurum Böyük Britaniyanın nüfuzlu “Global Brand Magazine” nəşri tərəfindən “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib seçilib.
Bu yüksək mükafat ölkəmizdə “Vahid Mədəniyyət Reyestri”nin qurulması, 3000-dən çox abidənin rəqəmsallaşdırılması və işğaldan azad olunmuş ərazilərdə müasir texnologiyalarla aparılan inventarlaşdırma işlərinə görə verilib. Müsabiqə çərçivəsində Azərbaycanın tətbiq etdiyi dron, peyk texnologiyaları və “MyCulture” sistemi şəffaflıq və vətəndaşyönümlü xidmət modeli kimi xüsusi fərqləndirilib. Maraqlıdır ki, “Dövlət sektoru” kateqoriyasında təmsil olunan ölkəmiz Yaponiya, Almaniya və Böyük Britaniyanın nüfuzlu qurumları, eləcə də “e-Estonia” kimi qlobal layihələrlə eyni siyahıda yer alıb. Əldə olunan bu nailiyyət Azərbaycanın mədəni irs sahəsindəki idarəetmə modelinin beynəlxalq səviyyədə nümunəvi qəbul edildiyini bir daha təsdiqləyir.