Bu gün dünyanın ən böyük ixtiraçılarından biri, müasir elektrik sisteminin memarı Nikola Teslanın ölümündən 83 il ötür.
Postxronika.az xəbər verir ki, 7 yanvar 1943-cü ildə Nyu-Yorkda, "New Yorker" otelinin 3327-ci otağında tənha şəkildə vəfat edən dahi, geridə müasir dünyanı formalaşdıran 300-dən çox patent və hələ də tam açılmamış sirrlər qoyub.
Oteldəki tənha sonluq və "itmiş" sənədlər
Həyatı boyu milyonlarla dollar qazanmasına baxmayaraq, Tesla ömrünün sonunu böyük yoxsulluq və borc içində keçirib. O, 86 yaşında ürək çatışmazlığından vəfat edəndə yanında heç kim yox idi. Maraqlı fakt odur ki, ölümündən dərhal sonra ABŞ hökuməti və FTB (FBI) onun otağına daxil olaraq bütün elmi qeydlərini və sənədlərini müsadirə edib. Səbəb kimi Teslanın üzərində işlədiyi iddia edilən "Ölüm Şüası" (Death Ray) adlı kütləvi qırğın silahının nasistlərin və ya sovetlərin əlinə keçmə qorxusu göstərilirdi.
100 il əvvəldən gələn "Smartfon" proqnozu
Tesla yalnız elektrik mühəndisi deyil, həm də gələcəyi görən bir vizyoner idi. 1926-cı ildə verdiyi müsahibədə o, bu gün istifadə etdiyimiz smartfonları dəqiqliklə təsvir etmişdi:
"Dünya simsiz əlaqə ilə tam vahid bir beyinə çevriləcək... Bir-birimizi minlərlə mil məsafədən sanki üz-üzəymiş kimi görüb eşidəcəyik. Və bu cihazlar o qədər kiçik olacaq ki, onları cibimizdə daşıya biləcəyik."
3 rəqəmi və qəribə vərdişlər
Dahilərin çoxu kimi Teslanın da qəribəlikləri var idi. O, 3 rəqəminə qarşı obsessiv idi. Binaya girməzdən əvvəl onun ətrafında 3 dəfə fırlanar, yalnız nömrəsi 3-ə bölünən otel otaqlarında qalar və yemək zamanı masanı silmək üçün düz 18 (3-ə bölünən rəqəm) salfet istifadə edərdi. O, həmçinin mirvarilərə nifrət edər, mirvari taxan qadınlarla danışmazdı.
Edisonla "Cərəyanlar Müharibəsi"
Nikola Tesla ilə Tomas Edison arasındakı konflikt sadəcə elmi deyil, həm də şəxsi xarakter daşıyırdı. Hər şey Edisonun Teslaya verdiyi sözü tutmaması ilə başlayıb. Tesla sabit cərəyan sistemindəki problemi həll edəcəyi təqdirdə Edisonun ona vəd etdiyi 50 min dolları istədikdə, məşhur ixtiraçı: "Tesla, sən bizim Amerika yumorumuzu hələ başa düşmürsən" deyərək pulu ödəməkdən imtina edib.
Bu hadisədən sonra işdən ayrılan Tesla, tarixin ən böyük texnoloji döyüşü olan "Cərəyanlar Müharibəsi"ni başladır. Edison öz "sabit cərəyanını" (DC) qorumaq üçün Teslanın "dəyişən cərəyanını" (AC) təhlükəli göstərməyə çalışır, hətta qorxu yaratmaq üçün heyvanları kütləvi şəkildə elektrik cərəyanı ilə öldürürdü. Lakin Teslanın sistemi daha ucuz və uzaq məsafələrə ötürülə bildiyi üçün qalib gəlir. 1893-cü ildə Çikaqo sərgisinin işıqlandırılması ilə Tesla dünyanı simsiz və ucuz enerji vizyonuna bir addım da yaxınlaşdırır.
"Ölüm Şüası": Müharibələri bitirəcək silah
Teslanın ölümündən sonra FTB-nin onun otağındakı sənədləri müsadirə etməsinin əsas səbəbi "Teleforce" layihəsi idi. Mətbuatın "Ölüm Şüası" (Death Ray) adlandırdığı bu silah, Teslanın iddiasına görə, 400 kilometr məsafədən 10 minlərlə təyyarəni məhv etmək gücündə idi.
O, bu ixtiranı müharibə yaratmaq üçün deyil, ölkələrin sərhədlərini keçilməz edərək müharibələrə son qoymaq üçün hazırladığını bildirirdi. Lakin bu layihənin çertyojları heç vaxt tam tapılmadı və bu gün də hərbi sirlər siyahısında qalmaqdadır.
Tesla və Bakı nefti: Nobel qardaşları ilə əməkdaşlıq
Nobel qardaşları nefti, 19-cu əsr tarixi fotosu
Çox az bilinən tarixi faktlardan biri də
Teslanın Azərbaycanla, xüsusilə Bakı neft sənayesi ilə dolayı əlaqəsidir. 20-ci əsrin əvvəllərində Tesla unikal "qanadsız turbinlər" və nasoslar ixtira etmişdi. Mayelərin ötürülməsi üçün nəzərdə tutulan bu texnologiya Bakıda fəaliyyət göstərən məşhur Nobel qardaşlarının diqqətini çəkmişdi. Tarixi mənbələrə görə, Nobellər Bakı neftinin borularla daha sürətli və itkisiz nəqli üçün Teslanın patentləşdirdiyi bu mexanizmlərdən istifadə ediblər. Bu fakt, dahi ixtiraçının elmi irsinin Azərbaycanın sənaye tarixində də iz buraxdığını sübut edir.
Müjgan Əhməd