Postxronik.az fərdi psixologiya ilə bağlı "Təhsil fakültəsi dərgisi"ndə yayımlanan məqalənin tərcüməsini təqdim edir.
İkinci hissə
Psixoloji konsultasiya
Psixoloji məsləhətin məqsədi pasiyentin özünü dərk etməsdir. Pasiyent məsləhət otağındakı oturacaqlardan birini seçir. Onun seçimi ilə məsləhətçisi arasında müəyyən etdiyi məsafə bizə ipucuları verir.
Məsləhət prosesində mücərrəd ifadələr yox, konkret düşüncələr duyğular və davranışlar üzərində dayanılır. Məsləhətçi pasiyentdən problemin nə zaman başladığını soruşur. Pasientin bu suala verdiyi cavab uşaqlıq illərinə təsadüf edirsə həmin dövrdə ətraf mühitlə münasibətləri və özünü necə qavradığı araşdırılır.
Məsləhətçi pasiyentin həyat tərzini öyrənərkən ehtimallar irəli sürür. Zamanla bu fərziyyələrin bəzilərindən imtina da edə bilər. Məsləhətçi hissələrdən bütövə doğru gedir. O, pasiyentdən ilk xatirəsini danışmasını istəyir və beləliklə onun həyat hekayəsini ortaya çıxarır.
Pasiyentdə özünüdərk yarandıqda o, səhv təsəvvürlərini aydın görür və gələcəyə dair münasibətlərini daha yaxşı qiymətləndirir. Məsləhətçi pasiyentdən aldığı məlumatları şərh edir. Bu şərhlər daha çox fəaliyyətə və tətbiqə yönəlir. Məsləhətçi onun həyatına güzgü tutur, pasiyent isə həll seçimlərindən birini həyata keçirir.
Psixoloji konsultasiyanın hədəfləri
1. Pasiyentdə mövcud olan natamamlıq duyğularını azaltmaq
2. Pasiyentdə kök salalan qavrayışlarla əlaqəli yanlış vərdişləri düzəltmək
3. Pasiyentin mübaliğəli məqsədlərindən imtina etməsini, real və sosial hədəflərə yönəlməsini təmin etmək
4. Pasiyentdə sevgi münasibətlərini, sosiallığı və quruculuq qabiliyyətini inkişaf etdirmək
5. Pasiyentdə cəsarət və nikbinlik hisslərini canlandırmaq
6. Pasiyentdə həmrəylik və əməkdaşlıq bacarığını təkmilləşdirmək
7. Empatik anlayış çərçivəsində məsləhətçi-pasiyent münasibətini quraraq, pasiyentin özünü anlaşılan və qəbul edilən hiss etməsinə şərait yaratmaq
8. Pasiyentə onun həyat tərzini müəyyən edən inanclarını, duyğularını, motivlərini və məqsədlərini dərk etməsinə kömək etmək
9. Pasiyentin həyat tərzi daxilində özünüdərki inkişaf etdirməsinə və yanlış məqsədləri ilə şəxsiyyətinə zərər verən davranışlarını dərk etməsinə yardım etmək
10. Pasiyentin dəyişiklik üçün seçimlərini və alternativlərini nəzərə almasına, hərəkətə keçməyə hazır bir proqrama yönəlməsinə kömək etmək
Psixoloji konsultasiyanın prinsipləri
1. Davranış pozuntularının hamısı ümumi bir inkişaf xətti izlədiyindən differensial diaqnozun xüsusi əhəmiyyəti yoxdur. Xəstəliklər mürəkkəb və bir-biri ilə əlaqəlidir
2. Məsləhətçi və pasiyent arasındakı münasibət terapiyanın təməli və həlledici nöqtəsidir
3. Məsləhətçi proses zamanı diqqətini pasiyentin subyektiv yönlərinə cəmləyir. Pasiyentin özünü və digər insanları necə gördüyünü anlamağa çalışır
Psixoloji konsultasiyada məsləhətçinin rolu
1. Məsləhətçi pasiyentə olan inamını ifadə etməli, onun ümidsizliyini aradan qaldırmalıdır
2. Məsləhətçi pasiyenti qəbul etdiyini və onunla səmimi maraqlandığını hiss etdirməlidir. Lakin pasiyentə uşaq kimi davranılmamalı, emosional münasibətlərdən qaçınmalı, həddindən artıq qoruyucu olmamalı və diqqət gözləyən pasiyentlərin "əsiri" olmamalıdır
3. Məsləhətçi və pasiyentin əməkdaşlığı nəticəsində həyat problemlərinə qarşı yeni reaksiya modellərinin öyrənilməsi baş tutur
4. Məsləhətçi proses boyu pasiyentlə bərabərhüquqlu dostluq münasibəti saxlamalıdır
5. Məsləhətçi pasiyentin həyat tərzini anlamağa çalışır. Bunu pasiyentin davranışlarına necə təsir etdiyini araşdırır və təhlil edir
6. Məsləhətçi həyat tərzini incələyərkən pasiyentin ailə daxilindəki yerini (doğum sırası) və uşaqlıq xatirələrini araşdırır. Pasiyentin həyat hekayəsini üzə çıxarır
7. Məsləhətçi pasiyentə özünüdərk qazandıraraq onun davranışlarında köklü dəyişikliklər yaradır
8. Məsləhətçi dinlədiyi və müşahidə etdiyi hər şeyi şərh edir
9. Məsləhətçi pasiyentdə yaranan özünüdərkin real fəaliyyətə və aktivliyə çevrilməsinə kömək edir
Psixoloji konsultasiya prosesində pasientin rolu və təcrübəsi
1. Pasiyent mütəxəssis köməyi və öz səyi olmadan davranışlarında müsbət dəyişikliyin olmayacağını qəbul etməlidir
2. Pasiyent psixoloji məsləhət seanslarını müntəzəm şəkildə davam etdirməyə razı olmalıdır
3. Psixoloji məsləhət zamanı hansı problemlərin prioritet daşıdığına pasiyent özü qərar verir
4. Pasiyent davranışlarının məsuliyyətini qəbul etməlidir. Psixoloji məsləhətin uğurla nəticələnməsində əsas vəzifə onun üzərinə düşür
5. Pasiyent məsləhət prosesi ərzində məsləhətçiyə etibar etməlidir
6. Pasiyent məsləhət prosesi daxilində məsləhətçiyə qarşı səmimiyyət və dostluq münasibəti qurmalıdır
7. Pasiyent olduğundan fərqli görünmək və özündən qaçmaq cəhdlərinin səmərəsizliyini dərk etməlidir
8. Pasiyent məsləhətçinin onun davranışları ilə bağlı irəli sürdüyü konseptual yanaşmaları mənimsəməlidir
Məsləhətçi-pasient münasibətləri
Yaxşı məsləhtəçi-pasient münasibəti iki şəxs arasında bərabərhüquqlu dostluğa bənzəyir. Məsləhətçi və pasiyent eyni hündürlükdəki oturacaqlarda oturur. Masa onların arasında ünsiyyət maneəsi yaratdığı üçün istifadə edilmir. Məsləhətçi avtoritet fiqur deyil. O, müalicə prosesində pasiyentin yaradıcılıq potensialını kəşf etməsinə şərait yaradır. Məsləhət prosesi pasiyentdən onun yanlış dəyər mühakimələrini dəyişməsi üçün məsuliyyəti üzərinə götürməsini tələb edir. Terapiya prosesində pasiyent aktiv tərəfdir. Bu baxımdan o, məsləhətçi ilə birgə müalicənin hədəfləri və nəticələr barədə ortaq məxrəc formalaşdırmalıdır.
Konsultasiya zamanı pasiyent məsləhətçini öz hökmü altına almaq istəyə bilər və ya müalicənin bütün məsuliyyətini onun üzərinə yıxmağa çalışar. Məsləhətçi bu tələlərdən qaçmalıdır. Pasiyent nevrotik simptomlardan qurtulmaq istəyir, lakin dəyişmək istəmir. Halbuki pasiyentin özünü dəyişdirmədən nevrotik simptomlardan qurtulması qeyri-mümkündür.
Bu qaydaya əməl olunmazsa müalicədə rollar dəyişir. Pasiyent məsləhətçi rolunu oynayaraq, sanki onu müalicə edirmiş kimi bir mövqe sərgiləyir. Məsləhətçinin şəxsiyyət tarazlığı önəmlidir; əgər pasiyentlə münaqişəyə girsə ona kömək edə bilməz
Müalicənin əvvəlində pasiyent valideynlərindən gördüğü davranışları məsləhətçidən də gözləyir. Bunu sübut etmək üçün pasient məsləhətçinin onu alçaldacağı və istismar edəcəyi bir "ssenari" hazırlaya bilər. Onun istədiyini alması üçün məsləhətçiyə hücum etmə ehtimalı da var. Məsləhətçi isə pasiyentin hazırladığı bu ssenarilərə aldanmamalıdır. Əgər pasiyent öz "oyununu" müalicə zamanı davam etdirərsə bu, məsləhətçi üçün məğlubiyyətdir. Pasiyent bu oyunu uşaqlıqdan bəri oynadığı üçün "peşəkar"dır. Məsləhətçinin vəzifəsi bu oyunda qalib gəlmək deyil, bu oyuna qoşulmamaqdır.
Ağa Rza