Materiyadan ibarət olan real həyatın mücərrədliyinə və mənəvi dərinliklərinə doğru yelkən açan, incəsənətin gəldiyi ən zirvə nöqtələrindəndir bu film. İzlədikcə sorğuladır, sorğulatdıqca da dəyərə varmaq çabamız başlayır. Öz-özlüyümüzdə götür-qoy edirik. Amma bir yandan da filmdən həzz almağa çalışırıq. Alt mənasında batıb qalmamaq üçün Kiarostaminin bizlərə bəxş etdiyi ahəngdar vizuallığa da yetişməyə can atırıq. Uzun sözün qısası, keyfiyyətli və dərin iş gördükdə “ətindən-sümüyündən” yararlanırıq. 

Hər şey bir kənara, bir filmdən son dəfə bu qədər mənəvi həzz aldığımı xatirimə gətirməkdə çətinlik çəkirəm. Bu film nəinki İran sinemasında, eləcə də dünya film sektorunda da sayılıb-seçilən, dəyərli filmlər sırasındadır. Elə sırf bu səbəbdən “The Criterion Collection” şirkətinin film irsinə daxil edilib. Həmçinin, “Taste of Cherry” 1997-ci ildə “Festival de Cannes”də “Palme d’Or” mükafatına layiq görülüb.

Simvolizmlərlə, dərin məna qatlarıyla zəngin olan bu filmin ana mövzuları – həyat və ölüm arasındakı seçim, insan psixologiyası və tənhalığın daxili dünyası, ən adi, kənardan ən dəyərsiz, kiçik görülən bir şeyin belə insanı həyata döndürə biləcəyi, onu sıx bağlarla yaşama bağlayacağı kimi fəlsəfi mövzulardır.

Filmin sonu qaranlıq qalsa da, kritiklər bunu iki cür təfsir edirlər:

1-ci fərziyyə: Reallıqda nə baş verdiyi bilinmir. Badii intihar etdi, ya yox, bu göstərilmir. Tamaşaçının düşünməsi və nəticə çıxarması üçün açıq bir nüans buraxılıb. (Tamamilə bizim xəyal dünyamıza buraxılıb)

2-ci teoriya: Metasənət və ya başqa adıyla metacinema səhnəsi. Son kadrlar filmin bir film olduğunu xatırladır, real həyatla sənət arasındakı sərhədləri qaldırır. Yəni sənət reallığı necə əks etdirir? 

Açığı, mən 1-ci teoriyanın tərəfindəyəm. Yaxşı olar ki, bu tərz "open ending"lər biz izləyicilərin fiksiyaları ilə budaqlansın, yeni sonluqlar, ehtimallar yaransın. Amma nə yalan deyim, bu tərz sonluqlar bəzən düşüncəli izləyicini  hədsiz boşluqda sıxıb-saxlayır. 

KİNOMAN