Rusiya ABŞ hərbçiləri tərəfindən izlənilən "Marinera" neft tankerini müşayiət etmək üçün Atlantik okeanına hərbi dəniz qüvvələrini yeridib.
Postxronika.az "CBS News" və "The Wall Street Journal"a istinadən xəbər verir ki, Moskva adıçəkilən gəmini qorumaq üçün bölgəyə hətta naməlum sinifli sualtı qayıq da göndərib. Əvvəllər "Bella 1" adı ilə Venesuela neftini daşıyan və hazırda Rusiya bayrağı altında üzən vasitə Şotlandiya ilə İslandiya suları arasında qeydə alınıb. Bu hadisə ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı tətbiq etdiyi dəniz blokadası və keçmiş lider Nikolas Maduronun həbsindən sonraya təsadüf edir. Daha əvvəl sanksiyaları pozmaqda ittiham olunan gəmi Amerika Sahil Mühafizəsi tərəfindən saxlanılmaq təhlükəsi ilə üzləşdiyi üçün adını və kursunu dəyişmək məcburiyyətində qalıb. Tankerin Avropaya doğru hərəkəti fonunda əraziyə çox sayda ABŞ hərbi təyyarəsinin cəlb edildiyi bildirilir.