Müasir dövrdə sosial şəbəkələr insanların öz həyatlarını "mükəmməl" şəkildə nümayiş etdirdiyi süni bir vitrinə çevrilib. Bu rəngarəng görüntülər bir çox gəncdə asan qazanc xülyası və özgüvən əskikliyi yaratsa da, unudulmamalıdır ki, insan nəyin aludəçisidirsə, onun da əsirinə çevrilir. Bəs rəqəmsal dünyanın bu təsirindən qurtulmaq və real həyatda özünü inşa etmək necə mümkündür?

Mövzu ilə bağlı psixoloq  Gülər Məmmədova Postxronika.az-a açıqlamasında bildirib ki, sosial mediada baş verən hadisələr və sərgilənən görüntülər hər zaman real həyatı adekvat şəkildə əks etdirmir. İnsanların "dəridən-qabıqdan çıxaraq" öz həyatlarının ən komfortlu və lüks tərəflərini nümayiş etdirməsi artıq müasir dövrün bir dəbinə çevrilib. Bir çox insan bu süni görüntülərə baxaraq məyusluq və həsəd hissi keçirir; "Mən niyə bu həyatı yaşamıram?" deyə düşünərək ruhdan düşür və demotivə olurlar. Təəssüf ki, bir qısım gənclər və yeniyetmələr zəhmət çəkmək əvəzinə, həyatlarını yalnız rəngarəng keçirmək və daha rahat yoldan pul qazanmaq xülyası ilə bu rəqəmsal "xəstəliyə" yoluxublar.
​Lakin digər tərəfdən, öz əməyi ilə təməllərini sağlam quran, maddiyyat qazanmaq naminə fərqli və faydalı aktivliklərlə məşğul olan insanlar da var. Onların təşkil etdiyi tədbirlər, canlı görüşlər və qurduqları sağlam kommunikasiyalar cəmiyyət üçün örnək xarakteri daşıyır. Bu cür fəaliyyətləri izləmək və onlara qatılmaq, əslində müsbət bir haldır. İnsanın hansı platformanı seçməsi və nəyin aludəçisi olması onun təfəkkür potensialı ilə bağlıdır. İnsan, asılı olduğu hər bir şeyin əsirinə çevrilir. Ona görə də biz uşaqlarımıza müəyyən limitlər qoymalı və onlara real həyatda bir çox şeyin zəhmətlə qazanıldığını aşılamalıyıq.
​Eyni zamanda, sosial şəbəkələrdə ətrafa daha əhəmiyyətli və yararlı informasiyalar ötürməyə çalışmalıyıq. Həyati vacib situasiyalar və düzgün davranış modelləri sərgiləmək hər kəs üçün daha faydalı olar. Bəzi məzmunlar insanların perspektivi üçün əhəmiyyətli olmasa da, kütlə buna alışır və asılı qalır. Çox qəribə bir yanaşmadır ki, başqaları bu videolardan pul qazandığı halda, insanlar sadəcə izləyici olaraq onlara xidmət edirlər. Bu "idealizə edilmiş vitrini" hər kəsin öz zəkası yaradır. Əslində, hər şeydə mükəmməl olmaq istəyi insanın bir növ daxili sarsıntısıdır; geyimdə, xarici görkəmdə və ya qidada mütləq mükəmməlliyə nail olmaq qeyri-mümkündür. Bu cür nümayişlər özgüvəni aşağı olan insanlara mənfi örnək olur və onlarda əsassız paxıllıq hissi yaradır.
​Rəqəmsal dünyada seçim hər bir insanın öz baxış bucağından asılıdır. Heç kim heç kimi məcbur etmir; nəyi seçirsənsə, onun əsirinə çevrilirsən. Bu asılılıqdan qurtulmaq üçün təfəkkür potensialından sağlam şəkildə istifadə etməli, sənə faydalı olan məlumatları seçərək irəliləməlisən. Əgər kimsə passiv həyat sürməyi və yalnız başqalarını izləməyi üstün tutursa, bu artıq həmin şəxsin öz psixologiyası ilə bağlıdır. Belə insanların daim kənardan motivasiyaya ehtiyacı olur, halbuki ən sağlam motivasiya insanın daxilindən gəlməlidir. Cəmiyyətdə zəhmətkeş də, tənbəl də, mübariz də olmalıdır. Lakin yadda saxlamalısan ki, sən heç kimdən asılı deyilsən və hər kəs öz həyatının qurucusu olmalıdır. Başqasına qibtə edib onu təqlid etməyə lüzum yoxdur,  hər kəs öz-özünü inşa etməyi bacarmalıdır.

Nurgül Yusifova