Norveçli ulduz futbolçu Erlinq Haaland "ViQueens" adlı yeni animasiya filmində rol alaraq kino fəaliyyətinə başlayır. O, ekran işində elə özünün canlandıracağı eyniadlı Vikinq personajını səsləndirəcək.


Postxronika.az xəbər verir ki, macəra-komediya janrındakı bu layihənin rejissoru tanınmış mütəxəssis Harald Zvartdır. Rejissor qeyd edib ki, hücumçunun dünyada bir vikinq ikonası kimi qəbul edilməsi filmə xüsusi enerji və reallıq qatacaq. Ekran əsərində baş rolları pop ulduz Rita Ora və aktrisa Ella Pörnel ifa edirlər. Onlar adətlərə qarşı çıxaraq Norveçdən Çinə böyük səyahətə çıxan iki üsyankar qızın obrazlarını səsləndirəcəklər.


Layihənin aktyor heyətində Stiv Spirs, Anton Lesser və Alan Karr kimi adlar da yer alır. Filmin musiqilərini isə məşhur bəstəkar Kristof Bek bəstələyir. Hazırda istehsal mərhələsində olan ekran işinin qlobal satış hüquqları "Sola Media" şirkətinə məxsusdur. Dünyaca məşhur idmançının bu layihədə iştirakı ekran əsərinin beynəlxalq arenada böyük maraqla qarşılanmasını təmin edəcək. Ekran işinin 2026-cı ilin sonlarında izləyicilərə təqdim olunması planlaşdırılır.