Almaniyalı rejissor Valeska Qrizebax "The Dreamed Adventure"  adlı yeni tammetrajlı filmi ilə Kann Kinofestivalının əsas müsabiqə proqramına qayıdır. Bu, müəllifin böyük rəğbət qazanan 2017-ci il istehsalı "Western" dramından sonra festivaldakı ilk nümayişidir.


Postxronika.az xəbər verir ki, triller janrında olan yeni ekran əsəri Bolqarıstan, Yunanıstan və Türkiyə sərhədində cərəyan edən hadisələrdən bəhs edir. Qrizebaxın klassik ssenari olmadan, qeyri-peşəkar aktyorlarla işləmək üslubu layihəyə Avropa fondlarından maliyyə cəlb etməyi xeyli çətinləşdirib. Beş illik araşdırmalardan sonra ərsəyə gələn ekran işinin baş rolunu Sofiya küçələrində təsadüfən kəşf edilən Yana Radeva canlandırır. Rejissor qeyri-peşəkar ifaçıların real həyat təcrübəsinin filmə xüsusi təbiilik və dolğunluq qatdığını vurğulayıb.


Filmin qlobal satış hüquqlarını "The Match Factory" şirkəti öz üzərinə götürüb. Kannın əsas müsabiqəsinə seçilməyi komandası üçün böyük bir mükafat adlandıran kinorejissor festivalın yaradacağı diqqətdən məmnunluğunu ifadə edib. O, növbəti layihəsində Avropanın xarici sərhədlərindəki real hekayələrə əsaslanan fərqli bir serial ərsəyə gətirmək niyyətindədir.