Rejissor Con Favronun "The Mandalorian and Grogu" filminin ilk mətbuat nümayişi keçirilib. Sosial şəbəkələrdə paylaşılan ilkin reaksiyalar yeni ekran əsərinin kifayət qədər sönük qarşılandığını göstərir.
Postxronika.az xəbər verir ki, rəsmi tənqidçi icmallarına mayın 19-na qədər məhdudiyyət qoyulsa da, "Disney" şirkəti qısa təəssüratların yayımlanmasına icazə verib. Layihə 2019-cu ildən bəri buraxılan ilk tammetrajlı "Star Wars" filmi olmaqla yanaşı, eyniadlı populyar serialın hekayəsini davam etdirir. Baş rollarını Pedro Paskal və Ceremi Allen Vaytın canlandırdığı ekran işində Din Djarin və onun sevimli "övladı" Grogu Yeni Respublika tərəfindən xüsusi missiyaya cəlb olunurlar. Onlar imperiya qalıqlarından və amansız muzdlu qatillərdən qorunaraq Rottanı xilas etməlidirlər.
Ssenarisini Con Favro, Deyv Filoni və Noa Klurun birgə qələmə aldığı layihənin aktyor heyətində Latif Krouder və Siquni Uiver kimi tanınmış simalar da yer alıb. Yeni kinonun mayın 22-də geniş tamaşaçı auditoriyasına təqdim olunması planlaşdırılır.