Rejissor İvan Markoviçin debüt bədii filmi olan "Promised Spaces" Kann Kinofestivalının müstəqil kino nümunələrini təbliğ edən ''ACID'' bölməsində işıq üzü görəcək. Ekran işi Kambocadakı lüks mənzillər dünyasından və sosial bərabərsizlikdən bəhs edir.

Postxronika.az xəbər verir ki, Fransa, Almaniya, Serbiya və Kambocanın ortaq istehsalı olan bu layihə sənədli-bədii hibrid janrındadır. Ekran əsərində arxitekturanın sinfi təbəqələşməni necə formalaşdırdığı və insanları bir-birindən necə təcrid etdiyi araşdırılır. Rejissor fərqli sosial təbəqəyə aid insanların – tikinti işçiləri ilə elit komplekslərin sakinlərinin ziddiyyətli həyatını real məkanlarda və qeyri-peşəkar ifaçıların iştirakı ilə lentə alıb. Süjet xəttinə əsasən, fəhlələr, bağbanlar və katibələr tərəfindən məskunlaşan keçid mərhələsindəki ərazilər landşaftların həm də siyasi xarakter daşıdığını göstərir.

Ssenari müəllifi və montajçısı da Markoviç olan ekran əsərinin rəsmi nümayişi mayın 18-nə planlaşdırılıb. Layihənin beynəlxalq satış hüquqları "Luminalia" şirkətinə məxsusdur. Müəllif bu yaradıcılıq nümunəsi ilə izləyiciləri müasir binaların inşası nəticəsində simasını tamamilə dəyişən qədim balıqçı kəndinin atmosferinə aparmağı hədəfləyir.