“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17-22 may tarixlərində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş və koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
"Postxronika.az" Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, Bakı Dəmiryol Vağzalı, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən sərnişin sıxlığının idarə olunması məqsədilə xüsusi təlim keçmiş əlavə heyət və könüllülər cəlb edilib.
Tədbir müddətində WUF13 könüllüləri Abşeron dairəvi marşrutu üzrə qatarlardan ödənişsiz istifadə edə biləcəklər. Eyni zamanda forum çərçivəsində ADY tərəfindən urbanizasiya və dəmir yolu nəqliyyatının inkişafı mövzularında infosessiyalar təşkil olunacaq. Sərnişinlər hərəkət cədvəli barədə məlumatları vağzal kassalarından, qurumun rəsmi saytından, mobil tətbiqindən və ya 1822 Əlaqə Mərkəzindən dəqiqləşdirə bilərlər.