Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi maarifləndirilməsi və fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması məqsədilə regionlarda kütləvi tədbirlərin təşkili davam etdirilir.
"Postxronika.az" Səhiyyə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, qurumun Cəlilabad Tibb Kolleci ilə birgə keçirdiyi “İlk tibbi yardım – ikinci həyata addım” adlı aksiya və fleşmob rayon sakinlərinin böyük marağına səbəb olub. Mayın 15-də baş tutan tədbirdə elektrik vurması, epilepsiya tutması, güclü qanaxma, yanıqlar və zəhərlənmə zamanı ediləcək təxirəsalınmaz müdaxilələr əyani nümayiş etdirilib.
Kollecin tələbələri və könüllülər ürəyin qapalı masajı ilə süni tənəffüs qaydalarını canlı şəkildə göstərib, sakinlərin arterial təzyiqini və nəbzini ölçüblər. Sonda iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb və bu cür maarifləndirici aksiyaların respublikanın digər şəhər və rayonlarında da təşkilinin planlaşdırıldığı bildirilib.