Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

"Postxronika.az" adıçəkilən nazirliyin rəsmi məlumatına istinadən xəbər verir ki, mayın 15-də baş tutan tədbirdə nazir müavini Rauf Hacıyev, Milli Məclisin komitə sədrləri, millət vəkilləri, həmçinin QHT təmsilçiləri və ekspertlər iştirak ediblər. Görüşdə şəhərlərdə ekoloji düşüncənin formalaşdırılması, dayanıqlı həyat tərzinin təşviqi və gənclərin bu prosesə cəlb olunmasının ətraf mühitin qorunmasındakı əhəmiyyəti xüsusi vurğulanıb.

Müzakirələr zamanı ekoloji maarifləndirmənin genişləndirilməsi, inklüziv iştirakçılığın təşviqi və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Dəyirmi masada müvafiq nazirliklərin, “Təmiz Şəhər” ASC-nin, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri mövzuya dair müxtəlif təqdimatlarla çıxış ediblər.