Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində güclü külək və yağıntı ilə müşayiət olunan əlverişsiz hava şəraiti gözlənilir.

"Postxronika.az" Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmi açıqlamasına istinadən xəbər verir ki, bu cür hava şəraiti yollarda görünmə məsafəsini azaltdığı və riskləri artırdığı üçün bütün hərəkət iştirakçıları daha diqqətli olmalıdırlar. Sürücülərə sürət həddini hava durumuna uyğun tənzimləmək, ara məsafəsini qorumaq, kəskin manevrlərdən qaçmaq və avtomobilin işıq sistemlərinin sazlığına nəzarət etmək tövsiyə olunur.

İdarədən bildirilib ki, güclü külək moped, motosiklet və skuter kimi ikitəkərli nəqliyyat vasitələrinin idarə edilməsində aşma riski yaratdığından, bu sürücülər xüsusilə ehtiyatlı davranmalıdırlar. Eyni zamanda piyadalardan da məhdud görünmə şəraitində yolları yalnız təyin olunmuş keçidlərdən keçmələri və məsuliyyətli olmaları tələb edilir.