Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, tanınmış dövlət xadimi və dramaturq Elçin Əfəndiyevin anadan olmasının 83-cü ildönümünə həsr edilən "Baş" tamaşası təqdim olunub.
“Postxronika.az” Report agentliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Səhnə əsərindən əvvəl çıxış edən professor Məryəm Əlizadə və Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ədibin milli ədəbiyyatın və teatrın inkişafındakı misilsiz xidmətlərindən, eləcə də əsərlərinin bəşəri aktuallığından bəhs ediblər. Süjet xətti XIX əsrin əvvəllərində rus generalı Sisianovun Cənubi Qafqazı işğal etməsindən və onun Bakıda kəsilən başının Qacarlar səltənətinə göndərilməsindən bəhs edən tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, quruluşçu rejissoru Mehriban Ələkbərzadə olan və geniş aktyor heyətinin yer aldığı bu səhnə əsərinin əsasını təşkil edən eyniadlı roman dünyanın bir çox dillərinə tərcümə edilərək nəşr olunub.