Ötən gecə Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva və ətraf bölgəyə yönələn kütləvi Ukrayna dron hücumunun qarşısını alıb.
Postxronika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində Moskva vilayətində 3 nəfər həyatını itirib, 5 sakin xəsarət alıb, paytaxtın özündə isə yaralıların sayı 12-ni keçib.
Moskva meri Sergey Sobyanin son sutka ərzində şəhərə doğru uçan 120-dən çox pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib. Paytaxtda yerləşən neft emalı zavodunun girişində inşaatçılar xəsarət alsa da, müəssisənin fəaliyyətinə ziyan dəyməyib. Vilayətin Mıtışi, Ximki və Putilkovo kimi müxtəlif yaşayış məntəqələrində fərdi və çoxmənzilli binalara ciddi ziyan dəyib. Hazırda hadisə yerlərində xilasedicilər, polis əməkdaşları və yerli administrasiya nümayəndələri fəsadların aradan qaldırılması üçün çalışırlar.