Dayanıqlı və ekoloji baxımdan səmərəli inkişaf müasir şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir.

Postxronika.az xəbər verir ki, bu fikri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Hindistanın “Housing and Urban Development Corporation Limited” (HUDCO) şirkətinin baş icraçı direktoru Şaileş Prakaş Tripati səsləndirib. O, qlobal forumun dünya liderlərini, rəsmi nümayəndələri və mütəxəssisləri bir araya gətirərək dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün mühüm platforma yaratdığını vurğulayıb.

Baş icraçı direktor əsas hədəfin uzunmüddətli və ekoloji cəhətdən davamlı inkişaf modelinin formalaşdırılması olduğunu bildirib. Azərbaycanın mövcud infrastrukturu və inkişaf səviyyəsinin onda çox müsbət təəssürat yaratdığını deyən qonaq əlavə edib: “Azərbaycanın dayanıqlı və səmərəli infrastruktur sahəsində dünyaya təqdim edə biləcəyi mühüm və yüksək potensiala malik imkanlar mövcuddur”.