Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.

Postxronika.az xəbər verir ki, qonaq Çin lideri Si Cinpinin səmimi salamlarını dövlətimizin başçısına çatdıraraq Pekinin bu foruma böyük önəm verdiyini diqqətə çatdırıb və Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) yüksək səviyyədə ev sahibliyi etməsini xüsusi vurğulayıb. Ölkələr arasında ikitərəfli əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edən Can Quoçin Azərbaycanın “vahid Çin” siyasətinə və Tayvan məsələsinə nümayiş etdirdiyi qətiyyətli dəstəyə görə təşəkkürünü bildirib. Öz növbəsində Çinin də ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdıran Baş nazirin müavini Azərbaycan xalqının seçdiyi inkişaf yolunu hər zaman müdafiə etdiklərini vurğulayıb. Prezident İlham Əliyev separatizmin bütün təzahürlərini pislədiyini qeyd edərək Çinin yüksəksəviyyəli heyətlə təmsil olunmasını dostluq rəmzi kimi dəyərləndirib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələr qeyd olunub, həmçinin siyasi, iqtisadi, tranzit-nəqliyyat və hərbi-texniki sahələrdə tərəfdaşlığın perspektivləri ətraflı müzakirə edilib.