Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Postxronika.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib. Görüşdə rəsmi Bratislavanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəklədiyi tərəfdaş ölkə rəsmisi tərəfindən bir daha bəyan edilib. Eyni zamanda Slovakiya təmsilçisi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal əhəmiyyətini önə çəkərək, sınaq dövrlərində Azərbaycanın etibarlı qaz təchizatçısı olduğunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı isə öz növbəsində hazırda ölkəmizin 12 Avropa dövlətinə mavi yanacaq ixrac etdiyini və gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyini diqqətə çatdırıb. Sonda tərəflər iki ölkə arasında son dövrlərdə intensivləşən yüksəksəviyyəli qarşılıqlı səfərlərin fəal əməkdaşlığın bariz nümunəsi olduğunu ifadə ediblər.