Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi və əməkdaşları işğaldan azad edilmiş ərazilərə geniş maarifləndirici səfər təşkil ediblər.
Postxronika.az xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində ilk olaraq Qarabağ Universitetində rektor Şahin Bayramov və tələbələrlə görüşərək gələcək tərəfdaşlıq imkanlarını nəzərdən keçirib. Ali təhsil ocağının Hüquqşünaslıq və Tibb fakültələrində təhsil alan gənclərə 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və təmiz idman prinsipləri barədə ətraflı məlumat verilib. Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil olunan növbəti görüşdə isə şagirdlərə dopinq və narkomaniyanın insan sağlamlığına vurduğu fəsadlar izah olunub. Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə Qarabağda yenidən formalaşan təhsil mühitində bu növ tədbirlərin sağlam nəslin yetişməsində mühüm rol oynadığını bildirib və regionlardakı maarifləndirmə aksiyalarının davamlı olacağını xüsusi vurğulayıb.