Xosrov bəy Sultanov ilk vaxtlar Müsavat partiyasının üzvü olsa da, 1918-ci ildə Müsavatdan ayrılaraq İttihat partiyasına qoşuldu. Əmisioğlu Çingiz İldırım isə bolşevik idi. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin qurulduğunu elan edən İstiqlal Bəyannaməsində Xosrov bəy Sultanov imzası olan 26 nəfərdən biridir.

Birinci Cümhuriyyətin ilk Hərbiyyə naziri təyin olunmasına baxmayaraq, 1918-ci il iyunun 17-də Gəncədə baş verən hökumət böhranından sonra Azərbaycanda Osmanlıyönümlü hökumət təşkil edildi. Hərbi nazirlik Nuru Paşanın əmri ilə ləğv olundu və Xosrov bəy Hərbiyyə naziri vəzifəsindən azad edildi.

1919-cu ilin yanvarında ingilis generalı Tomsonun təklifi ilə Xosrov bəy Sultanov Azərbaycan Cümhuriyyətinin Qarabağ və Zəngəzur bölgələrində general-qubernatoru təyin edildi. Bu vəzifədə təmsil olunarkən o, sözü keçən bölgələrin Azərbaycanın tərkibində qalması üçün çalışdı. Qərbi Zəngəzur məsələsində istədiyinə nail ola bilməsə də, Qarabağda müəyyən uğurlar əldə etdi.

1919-cu il avqustun 15-də Qarabağ ermənilərinin Məclisi Azərbaycanın tərkibində qalmağa razılıq verdi. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov, ermənilərin Milli Şurasının Azərbaycanın tərkibində qalmasını təsdiqləyən deklarasiyasını qəbul etdi. Qeyd etmək lazımdır ki, Paris sülh konfransının yekun qərarına kimi Qarabağın dağlıq hissəsinin faktiki olaraq muxtar formada Azərbaycan tərkibində qalması  nəzərdə tutulurdu. 

Lakin 1920-ci ilin əvvəlində geosiyasi vəziyyətin dəyişməsindən yararlanmaq istəyən Azərbaycan hökuməti Qarabağın statusuna xitam verərək bölgəni tam şəkildə Azərbaycana inteqrasiya etmək qərarına gəldi. Fevral ayında Xosrov bəy Sultanov 8-ci Dağlıq Qarabağ Məclisini çağırmaq üçün Şuşaya göndərildi.

Məclisdə səs çoxluğu ilə Qarabağın Azərbaycana inteqrasiyası ilə bağlı qətnamə qəbul edildi. Amma bəzi erməni nümayəndələr Şuşaya getmək əvəzinə yaxınlıqdakı Şuşakənd kəndində toplandı. Daşnak Ermənistanının təhriki ilə onlar Azərbaycan hökumətinə qarşı qiyam təşkil etdilər.

Qiyam Gəncədən gələn əlavə qüvvələrin köməyi ilə yatırıldı. Həmin döyüşlər zamanı Şuşa demək olar ki, tamamilə, Xankəndi isə qismən dağıldı. Radikal erməni nümayəndələrinin cəhdləri Şuşanın erməni əhalisinin böyük hissəsinin köçürülməsi ilə nəticələndi.

Azərbaycan hökuməti Dağlıq Qarabağın bir neçə strateji nöqtəsinə, xüsusilə mərkəzə nəzarəti bərpa etməyə nail oldu, lakin Köhnə Tağlar və Çaylaqqala kəndlərində nəzarət təmin olunmadı. Qarabağ problemi Azərbaycanın sovetləşməsinə qədər tam həll olunmadı.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Sultanov özünü "Qarabağ İnqilab Komitəsi"nin rəhbəri elan etdi və Bakıda Nəriman Nərimanova teleqram göndərərək Şura hakimiyyətini tanıdığını bildirdi. Lakin Nərimanov bu deklarasiyanı tanımadı və mayın 14-də Dadaş Bünyadzadəni Qarabağ üzrə fövqəladə komissar təyin etdi, Xosrov bəy isə vəzifəsindən azad edildi.

Beləliklə, Xosrov bəy Sultanov bir tərəfdən Qarabağın Azərbaycanın tərkibində qalması üçün çalışmış, digər tərəfdən isə geosiyasi çətinliklər və daxili qiyamlar nəticəsində tam məqsədinə nail ola bilməmişdir.

Əli Novruzov (tarixçi)