“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf departamentinin mütəxəssisləri Tbilisidə yerli həmkarlarına təlim keçirlər.

Postxronika.az xəbər verir ki, praktik məşğələlərin əsas məqsədi iki ölkənin bilet satışı sistemlərini tam inteqrasiya etmək və kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etməkdir. Proses başa çatanadək Gürcüstan tərəfi biletlərin reallaşdırılmasını ADY-nin proqram təminatı platforması üzərindən həyata keçirəcək. Layihə çərçivəsində, həmçinin gediş sənədlərinin yoxlanılması, qeydiyyatı və reyestrə salınması prosesləri də sınaqdan çıxarılacaq. Digər tərəfdən, qonşu ölkənin hərəkət tərkibi ilə bağlı çətinlikləri nəzərə alınaraq, ilkin mərhələdə vaqonların daşınması bütün marşrut boyu ADY-yə məxsus lokomotivlərlə icra olunacaq.